Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” tədbiri keçirilib
26
12 2023
news image

26 dekabr tarixində gənclərin peşə təhsilinin yaratdığı imkanlar barəsində maarifləndirilməsi məqsədilə Peşə Təhsili üzrə Dövlət Agentliyi və Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə “Açıq qapı” tədbiri keçirilib. Tədbirdə Bakı şəhərində yerləşən internat və ümumtəhsil məktəblərindən ümumilikdə 800-ə yaxın şagird, işəgötürən təşkilatların nümayəndələrı və müəssisənin uğurlu məzunları iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov erkən yaşlarda peşə seçimi ilə bağlı maarifləndirmə işlərinin aparılmasının, şagirdlərin və valideynlərin bu sahədə baş verən yeniliklər haqqında məlumatlandırılmasının olduqca vacib olduğunu qeyd edib.

“Açıq qapı” tədbiri zamanı müəssisədə yerləşən tədris emalatxanaları ilə yaxından tanış olan şagirdlər daha sonra tədbir zalında bərbər, dulusçuluq, vitraj, qrimçi pastijor ixtisasları üzrə təşkil olunmuş ustad dərslərini izləyiblər. Ustad dərslərində mərkəzin usta və müəllimlərinin köməyi ilə şagirdlər də iştirak ediblər. Kostyum ustası və dərzi, səhnə kostyumları üzrə dərzi, moda dizaynı və qrimçi pastijor ixtisaslarında təhsil alan tələbələrin birgə hazırladığı nağıl qəhrəmanları və fantastik obrazlar gələn qonaqların marağına səbəb olub. Tədbir təşkilatçısı qrupunda təhsil alan tələbələr səhnədə maraqlı interaktiv oyunlar keçirərək şagirdləri əyləndiriblər.

Sonda şagirdlərə Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən xatirə hədiyyələr təqdim olunub.