18-19 noyabr tarixlərində veb texnologiyaları üzrə “Skills Azərbaycan 2023” Milli yarışının final mərhələsi keçirilib.
2 gün ərzində iştirakçılar “Speed Test,” “Interaction,” “Service side” və “Layout” kimi 4 fərqli modul üzrə praktiki tapşırıqları yerinə yetiriblər. 21 yaşa qədər gənclər arasında keçirilən veb texnologiyaları üzrə “Skills Azərbaycan 2023” Milli yarışında həm yerli həm beynəlxlaq mütəxəssislərdən ibarət münsiflər heyəti iştirak edir. Onların arasında veb texnologiyaları üzrə “WorldSkills Korea”nın baş eksperti də yer alır.
Yarışın sonunda, qalib 25 – 1 dekabr tarixlərində Asiya ölkələri arasında keçirilən regional “WorldSkills Asia Abu Dhabi 2023” yarışında Azərbaycanı təmsil edəcək. Əlavə olaraq, yüksək nəticə göstərən iştirakçılar “WorldSkills Azerbaijan” milli komandasına daxil olaraq 80-dən çox ölkənin qatılacağı nüfuzlu beynəlxalq “WorldSkills Lyon 2024” yarışında iştirak etmək fürsəti qazanacaqlar.
Xatırladaq ki, “Skills Azərbaycan 2023” müxtəlif bacarıq istiqamətlərini əhatə edən gənclər arasında keçirilən milli yarışdır. Bacarıqlar arasında veb-texnologiyalar, 3D oyun sənəti, aşpazlıq, bərbər ixtisası, zərgərlik, qaynaqçı ixtisası və kibertəhlükəsizlik kimi sahələr yer alır.
Veb texnologiyaları üzrə “Skills Azərbaycan 2023” Milli yarışı Peşə Təhsili üzrə Dövlət Agentliyi və “WorldSkills Azerbaijan” təşkilatının əməkdaşlığı, “Bestcomp Group” və “ATL Academy”nin sponsorluğu çərçivəsində keçirilir.