“Sənayedə quraşdırma işləri üzrə usta” ixtisasına dair kurikulum yenilənir
15
11 2023
news image

15 noyabr tarixində peşə təhsil müəssisələri və işəgötürənlərlə texniki peşə təhsili səviyyəsi üzrə “Sənayedə quraşdırma işləri üzrə usta” ixtisasına dair kurikulumun müzakirəsi üçün dəyirmi masa təşkil edilib. Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri, aparıcı işəgötürənlər, sahə ekspertləri və peşə təhsili müəssisələrinin müəllim və istehsalat təlimi ustaları iştirak ediblər.

Dəyirmi masaların həyata keçirilməsində əsas məqsəd müvafiq sahə üzrə sənayedə mühüm rol oynayan özəl sektor əməkdaşları, ekspertlər və peşə təhsili müəssisələrinin təhsilverənləri ilə mövcud təhsil proqramlarının müzakirəsi və bu proqramlar üzrə rəylərinin alınması, həmçinin ixtisasın əmək bazarının tələblərinə tam uyğunlaşdırılması və yenilənməsi üçün təkliflərin öyrənilməsidir.

Tədbir zamanı layihə və texniki peşə təhsili haqqında məlumat verilib, təhsil proqramının strukturu, peşə standartı, kvalifikasiya standartı ilə bağlı təlimat iştirakçılara təqdim edilərək müvafiq ixtisas üzrə kurikulum təqdim olunub və səriştə əsaslı təlim keçirilib. Həmçinin müxtəlif qrup işləri vasitəsilə işəgötürənlərin rəy və təklifləri müzakirə olunub.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin “Peşə təhsilinin məzmunun təkmilləşdirilməsi”  layihəsi çərçivəsində müvafiq ixtisaslar üzrə təhsil proqramlarının (kurikulumların) hazırlanması nəzərdə tutulur. Bu yanaşma layihə çərçivəsində digər ixtisaslar üzrə də davam edəcək.