“WorldSkills Azerbaijan” Restoran Xidməti üzrə Yarışda iştirak üçün müraciətlər qəbul edir
Zərgərlik ixtisası üzrə təhsil alanlar üçün nüfuzlu şirkətlərdə təcrübə imkanı yaradılıb
“WorldSkills Azerbaijan”ın iştirakçıları “Qızıl Şah” Milli Kulinariya Çempionatında qaliblər arasında yer alıb
Aşpazlıq üzrə “WorldSkills Azerbaijan” iştirakçıları “Qızıl Şah” Milli Kulinariya Çempionatında iştirak ediblər
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı” tədbiri keçirilib

Peşə Təhsili üzrə Dövlət Agentliyi, Avropa İttifaqı və BMT- nin İnkişaf proqramı müxtəlif ixtisaslar üzrə “Dual təhsil/ iş yerində öyrənmə” yanaşmasını tətbiq edir

11.05.2022

Avropa İttifaqı (Aİ), BMT-nin İnkişaf Proqramı və Peşə Təhsili üzrə Dövlət Agentliyinin (PTDA) birgə təşəbbüsü ilə peşə təhsili məzmununun əmək bazarın tələblərinə daha səhih və davamlı qaydada uzlaşdırılmasına dəstək məqsədilə “Dual təhsil/ iş yerində öyrənmə” proqramının icrası davam etdirilməkdədir.

Aİ-nin maliyyələşdirdiyi "Gələcək üçün peşə təhsili və təlimi" layihəsi çərçivəsində tətbiq edilən dual təhsil proqramı tələbələrin real iş mühitində öyrənməsinə, bilavasitə peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və müasirləşdirilməsinə xidmət edir.

Hazırda layihənin dəstəyi ilə turizm, mebel, tekstil və xidmət sahələri üzrə Şəki, Lənkəran, Cəlilabad və Bakı şəhərlərində aparıcı işəgötürən müəssisələr ilə əməkdaşlıqlar qurulub və ilk fəaliyyətlərə başlanılıb.

“Mehmanxana inzibatçısı” ixtisası üzrə Şəki Dövlət Peşə Təhsili Mərkəzi ilə “Marxal Resort & Spa” və “Sheki Palace Hotel” mehmanxanaları; “mebel ustası”, “dülgər”, “üzlükçü dizayner” və “tikiş avadanlıqların operatoru” ixtisasları üzrə Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi ilə “Woodpecker” mebel fabriki arasında; “təmirçi-çilingər” ixtisası üzrə isə Lənkəran Peşə Liseyi ilə “Lənkəran Avtoservis” şirkəti arasında dual proqramın icrası üçün razılaşmalar əldə edilib. Hazırda tələbələr adıçəkilən müəssisələrdə praktiki təlimlərdə iştirak edirlər.

Həmçinin Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri “aşpaz” ixtisası üzrə “Saffron” Restoranlar qrupunun “Amburan” istirahət mərkəzində, “ərzaq və qeyri ərzaq mallarının satıcısı, nəzarətçi-xəzinədar” ixtisası üzrə “ARAZ” supermarketləri şəbəkəsində, eyni mərkəzin “tikiş operatoru, tikişçi” ixtisası üzrə təhsil alan tələbələri isə “Barama Tekstil” MMC şirkətində dual proqrama qoşulublar.

Dual təhsil proqramında ənənəvi peşə təhsilindən fərqli olaraq, tələbələr əldə etdikləri nəzəri biliklərin paralel olaraq təhsil ili boyunca sahələrinə uyğun müəssisələrdə real iş şəraitində praktiki qaydada tətbiq edə və öyrənə bilirlər. Bu eyni zamanda, təhsil müəssisələrinə bazarın tələblərindən birbaşa xəbərdar olmaq və müvafiq qaydada təhsil məzmununu dəyişmək imkanı verir.

Dual təhsil yanaşmanın icrası üçün layihənin fəaliyyət göstərdiyi peşə təhsil müəssisələri ilə bir sıra işəgötürən qurumlar arasında razılaşmalar əldə edilib. Qarşılıqlı fəaliyyət razılaşmasına əsasən, proqram müddətində tələbələr həmin müəssisələrin xüsusi geyimləri, nəqliyyat, sığorta və qida ilə təmin edilirlər.

Layihə tərəfindən “dual təhsil/ iş yerində öyrənmə” proqramı çərçivəsində gender bərabərliyi qorunmaqla 130 nəfərə yaxın qadın və kişi tələbə layihənin əhatə etdiyi regionlarda prosesə cəlb edilib. Proqramın sonunda müvafiq olaraq, 4 kurrikulumun və tədris materiallarının yenilənməsi planlaşdırılır. Gələcəkdə isə bu yanaşmanın daha geniş tətbiqi üçün sözügedən proqramın təfərrüatlarını özündə əks etdirən baza konsepsiyanın yazılması da nəzərdə tutulur.

“İş yerində öyrənmə” yanaşması Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunur. Layihənin əsas məqsədi əmək bazarının tələblərinə uyğun tədrisin təşkilinə dəstək olmaq və bu istiqamətdə Azərbaycandakı peşə təhsil müəssisələrinin müasirləşdirilməsinə yardım etməkdir.

1 / 14