Peşə Təhsili üzrə Dövlət Agentliyi

Peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbul müsabiqəsi üzrə elektron müraciət mərhələsinin nəticələri mərhələli şəkildə elan olunmaqdadır

08.10.2020

      2020/2021-ci tədris ili üzrə peşə təhsili pilləsinə müəllimlərin işə qəbulu müsabiqəsi üzrə müraciətlərin təhlili və seçilmiş namizədlərin elan olunması oktyabr ayının 15-nədək mərhələli formada həyata keçirilməkdədir. Sözügedən mərhələ üzrə müsabiqədə iştirak edən şəxslərin nəticələri və müsahibə mərhələsinə dəvət  barədə məlumatlar müraciətçinin şəxsi kabineti bölümündə mərhələli qaydada yer almaqdadır.

          Müsabiqə tələblərinə cavab verən müraciətçilər üçün müsahibələrin təşkilinə növbəti həftədən başlanması və yekun nəticələrin isə oktyabr ayının sonuna qədər elan edilməsi nəzərdə tutulur. Müsahibə mərhələsinə seçilmiş namizədlərə müsahibənin keçirilmə tarixi, saatı və yeri barədə həm şəxsi kabinet bölümü vasitəsilə, həm də müsahibə öncəsi telefon vasitəsilə məlumat veriləcəkdir. Müsahibə zamanı namizədə ixtisas, pedaqogika və metodika sahəsi üzrə biliklərinin, həmçinin şəxsi keyfiyyətlərinin müəyyənləşdirilməsi üçün müvafiq suallar təqdim ediləcəkdir. Seçim zamanı müraciətçinin əmək stajı, ümumi pedaqoji stajı, yaşı, şəxsi keyfiyyətləri, xarici dil və İKT bacarıqları nəzərə alınacaqdır.  

         Qeyd edək ki, ümumtəhsil fənn müəllimlərinin seçimi Təhsil Nazirliyiniin təşkil etdiyi MİQ test imtahanları üzrə topladıqları ballar əsasında aparılır və vakant yerlərə seçilmiş namizədlər haqqında məlumat şəxsi kabinetə yüklənir. Namizədlər şəxsi kabinetlərini izləyərək nəticələr ilə tanış ola bilərlər. Seçilmiş namizədlər ilə telefon vasitəsi ilə də əlaqə saxlanıb, nəticələr bildiriləcəkdir. İxtisas müəllimləri və istehsalat təlimi ustaları üzrə müsahibə mərhələsinə keçmiş namizədlər haqqında məlumat mərhələli şəkildə şəxsi kabinetə yerləşdirilir.

       Məlumat üçün bildirək ki, peşə təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsi çərçivəsində 257 vakant yer elan edilmişdir. Ümumtəhsil fənn müəllimi, ixtisas müəllimi və istehsalat təlim ustası  vakansiyaları üzrə aparılan müsabiqəyə elektron müraciət mərhələsi zamanı ümumi 2091 müraciət daxil olub.

1 / 14