Peşə Təhsili üzrə Dövlət Agentliyi

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə “Şərq Motors” MMC Şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb.

30.01.2020

Geniş elmi və istehsalat bazasının, təcrübəli ixtisaslı kadrlarının mövcudluğunu, habelə müvafiq sahələrdə bilik və bacarıqlarının inkişaf etdirilməsinin zəruriliyini nəzərə alaraq, Koreya peşə təhsili standartları əsasında qurulan “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” ilə “Şərq Motors” Şirkəti arasında əməkdaşlıq qurulub.

20 illik fəaliyyətində geniş imkanlar əldə edərək, uğur və əməkdaşlıq planlarını günü-gündən artıran, yüksək təcrübə və peşəkarlığa malik, eləcə də müasir diaqnostika və təmir avandanlıqları ilə müştərilərə xidmət göstərməkdə qabaqcıl olan “Şərq Motors” MMC şirkəti ilə əməkdaşlıq memorandumunun imzalanmasında başlıca məqsəd peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığını təşkil etmək və gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət göstərməkdən ibarətdir.

Əməkdaşlıq çərçivəsində Mərkəzdə “Avtomobil diaqnostikası və təmiri ustası” ixtisası üzrə təhsil alan tələbələrin peşəkar bacarıqlarının inkişafı məqsədilə iş yerində təcrübə proqramları, birgə kursların təşkili və məzun tələbələrin işlə təmin olunması üzrə dəstək göstərilməsi nəzərdə tutulur.

2000-ci ildən Yapon, Korea və Avropa istehsalı olan avtomobillərə ehtiyat hissələrinin idxalı, satışı və servis xidmətini həyata keçirən “Şərq Motors” Şirkəti 2007-ci ildən “Hyundai Auto Azerbaijan”, 2010-cu ildən “Kia Motors Azerbaijan” Şirkətlərinin rəsmi dileridir.

 Xatırladaq ki, 2019-cu il sentyabrın 13-də fəaliyyətə başlayan Sənaye və İnnovasiyalar üzrə BDPTM 2019-2020-ci tədris ilində Beynəlxalq təhsil standartlarına əsaslanan və qlobal sənaye tələbatına uyğun olan rəqabətqabiliyyətli kadr hazırlığına istiqamətlənən mərkəzdir. Sumqayıt Texnologiyalar Parkı, “Cisco”, “Huawei”, “Mitsubishi”, “EduMedia”, “Subaru”, “Optimal Electronics”, “Tech Academy”, “Honda”, “Helind”, “Mazda”, “Azedunet”, “Toyota Azərbaycan”, “Mars Academy”, “Turox Aero Technologies”, “Baku Roofing Company”, “Cahan Motors”,  “Sigma Tecnical Services”, “Suez”, “Alstom”, “İKMA”, “Cahan Motors”, “Sumqayıt Texnologiya Data Mərkəzi” kimi qabaqcıl müəssisələr mərkəzlə əməkdaşlığa başlayıb.

1 / 14