Peşə Təhsili üzrə Dövlət Agentliyi

Özəl sektorla peşə təhsili müəssisələri arasında əməkdaşlığın artırılması istiqamətində işlər davam edir.

13.01.2020

        Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və “Sumqayıt Texnologiya Data Mərkəzi” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb. Geniş elmi və istehsalat bazasının, təcrübəli ixtisaslı kadrlarının mövcudluğunu, habelə müvafiq sahələrdə bilik və bacarıqlarının inkişaf etdirilməsinin zəruriliyini nəzərə alaraq, Koreya peşə təhsili standartları əsasında fəaliyyət göstərən “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” ilə “Sumqayıt Texnologiya Data Mərkəzi” arasında əməkdaşlıq əlaqələri qurulub.

        Yüksək texnologiyaların tətbiqinə, informasiya texnologiyalarının inkişaf etdirilməsinə, yerli yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsinə və informasiya təhlükəsizliyinin təmin edilməsinə xidmət edən “Sumqayıt Texnologiya Data Mərkəzi” ilə əməkdaşlıq memorandumunun imzalanmasında başlıca məqsəd peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığını təşkil etmək və gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət göstərməkdir.

        Mərkəzdə təhsil alacaq tələbələrin peşəkar bacarıqlarının inkişafı məqsədilə iş yerində təcrübə proqramları, ixtisas təkmilləşdirilməsi üzrə birgə kursların keçirilməsi və məzun tələbələrin işlə təmin olunması üzrə “Sumqayıt Texnologiya Data Mərkəzi” tərəfindən dəstək göstərilməsi də nəzərdə tutulur.

        2019-cu il sentyabrın 13-də fəaliyyətə başlayan Sənaye və İnnovasiyalar üzrə BDPTM 2019-2020-ci tədris ilində Beynəlxalq təhsil standartlarına əsaslanan və qlobal sənaye tələbatına uyğun olan rəqabətqabiliyyətli kadr hazırlığına istiqamətlənən mərkəz hesab olunur və Sumqayıt Texnologiyalar Parkı, “Huawei”, “Mitsubishi”, “EduMedia”, “Subaru”, “Optimal Electronics”, “Tech Academy”, “Honda”, “Helind”, “Mazda”, “Azedunet”, “Toyota Azərbaycan”, “Mars Academy”, “Turox Aero Technologies”, “Baku Roofing Company”, “Cahan Motors”,  “Sigma Tecnical Services”, “Suez”, “Alstom” kimi qabaqcıl müəssisələrlə əməkdaşlıq edir.

1 / 14