Peşə Təhsili üzrə Dövlət Agentliyi

“İşə əsaslanan tədrisin (Dualabənzər) təşkili, imkanları və çətinlikləri” adlı dəyirmi masa keçirilib

29.12.2019

29 dekabr tarixində Azərbaycan Dövlət Aqrar Universitetində Kənd Təsərrüfatı Nazirliyi dəstəyi ilə “İşə əsaslanan tədrisin (Dualabənzər) təşkili, imkanları və çətinlikləri” adlı dəyirmi masa keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Alman Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ), Azərbaycan Dövlət Aqrar Universitetinin nümayəndələrinin, peşə müəssisələrinin rəhbər və müəllim heyətinin və bir sıra işəgötürənlərin, fermerlərin və assosiasiyaların iştirak ilə təşkil edilmiş tədbir zamanı universitetin maddi texniki bazası ilə tanışlıq baş tutub və balıqçılıq və balıq məhsullarının yetişdirilməsi, istixana və  heyvandarlıq kompleksi, heyvan klinikası, Patoloji anatomiya muzeyi, yataqxana və texnika parkına baş çəkilib.

Tədbiri açıq elan edən ADAU-nun prorektoru Anar Hətəmov işə əsaslanan tədrisin iqtisadiyyatın inkişafına, təhsilin keyfiyyətinə xidmət etdiyini qeyd edib. Həmçinin tədbirə qatılan Kənd Təsərrüfatı Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini - Təhsil sektorunun müdiri Nəzrin Bağırova qlobal mühitdə baş verən dəyişikliklərin, texnoloji tərəqqinin, bilik iqtisadiyyatına keçidin təhsilə təsirini və ölkədə yüksək səviyyəli insan kapitalına tələbin artdığını vurğulayıb.  

Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdir müavini Nigar İsmayılzadə hazırda qeyri-neft sektoruna ayrılmış xüsusi diqqəti vurğulayaraq, sözügedən sahələrin inkişafı istiqamətində lazımi investisiyaların ayrılmasının önəmini qeyd edib. Tədbir zamanı həmçinin peşə istiqamətinin inkişafına nail olmaq məqsədilə həyata keçirilməkdə olan işəgötürənlərlə əməkdaşlıq və bu yöndə atılan addımlar üzrə məlumatlarla bölüşülüb.  

Alman Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) mütəxəssisi Almaniya təcrübəsinin dual təlimi modeli haqqında və Azərbaycanda turizm və kənd təsərrüfatı üzrə Qəbələ, Qax, İsmayıllı rayonlarında pilot dualabənzər təlim modelinin təcrübəsinin uğurlarından və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan işlərdən bəhs edib.

Tədbir zamanı eyni zamanda işəgötürənlər hazırda  kadr çatışmazlığını, habelə bilik və bacarıqlara olan ehtiyaclarını və yeni sistemin yerli şəraitə uyğunlaşdırılmasını tövsiyyə ediblər. Sözügedən tədbir ümümilikdə dualabənzər təhsil modeli üzrə işlərin aparılması istiqamətində daha dərin əməkdaşlığa zəmin yaradıb.

1 / 14