Peşə Təhsili üzrə Dövlət Agentliyi

Beynəlxalq əməkdaşlıq çərçivəsində Cəlilabad Peşə Liseyinin maddi-texniki bazası gücləndirilir.

05.11.2019

               Bu gün Cəlilabad Peşə Liseyinin yeni təmirdən çıxmış emalatxanasının açılışı baş tutub. Açılış mərasimində Təhsil nazirinin müavini cənab İdris İsayev, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru cənab Pərviz Yusifov, Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas, BMTİP-nin Azərbaycandakı Rezident Nümayəndəsi cənab Alessandro Frakassetti və Cəlilabad İcra Hakimiyyətinin başçısı cənab Namiq Zeynalov iştirak ediblər.

              Emalatxananın yenidən qurulması və istifadəyə verilməsində məqsəd Lənkəran iqtisadi rayonunda Regional Peşə Təhsili və Təlimi (PTT) Mərkəzinin təsis edilməsinə dəstək göstərməkdən ibarətdir.

              Hazırda Cəlilabaddakı Regional PTT Mərkəzində müxtəlif ixtisaslar üzrə təhsil alan 440-a yaxın tələbəyə peşə bacarıqlarını artırmaq imkanları təklif olunur. 2018-ci ildən etibarən, 280-dən çox  tələbə, PTT Mərkəzində tətbiq olunan 6 yeni ixtisas üzrə praktiki iş vərdişlərinə yiyələnir. Bu yeni ixtisaslara fermerlik, məhsul yetişdirmə, şərabçılıq, o cümlədən dülgərlik, mebel ustası və üzükçü dizayner peşəsi aiddir. Bu yeni təhsil sahələri, eyni zamanda, Azərbaycanın cənub rayonlarında xüsusilə güclü olan gender maneələrinin aradan qaldırılmasında əhəmiyyətli rol oynamaqdadır.

              2018 və 2019-cu illər ərzində müəllimlər və kurs təlimatçıları üçün təşkil olunan 22-dən çox təlim proqramı müəllim heyətinin bacarıqlarının inkişaf etdirilməsi və tədris prosesinin əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi ilə nəticələnib.

              Tədbirdə bildirilib ki, peşə təhsili başa vurmuş tələbələrin sonrakı məşğulluq imkanlarına dəstək göstərmək məqsədilə bir sıra özəl şirkətlərlə, o cümlədən Günəşli Aqro Park, Cəlilabad Şərab Zavodu-2, Woodpecker və Embawood şirkətləri ilə anlaşma memorandumu imzalanması nəzərdə tutulub.

              Sözügedən layihə Avropa İttifaqının “Azərbaycanda təhsilə dəstək proqramı” çərçivəsində BMTİP tərəfindən icra edilməkdədir.

1 / 14