Peşə Təhsili üzrə Dövlət Agentliyi

Kənd təsərrüfatı sahəsi üzrə praktiki təlimlər davam edir

18.10.2019

             Qəbələ, İsmayıllı və Qax rayonlarında müəllim və mühəndis-pedaqoji heyətinin, eləcə də şirkət daxili təlimçilərin səriştələrinin artırılması, müasir texnika ilə tanışlıq məqsədilə silsilə təlimlər davam edir.

             Belə ki, növbəti təlim 14-17 oktyabr tarixlərində "Buğdanın becərilməsi üzrə nümayiş sahəsinin yaradılması" mövzusunda xarici ekspert tərəfindən “Ulu Aqro” MMC-nin Qax Aqroparkında keçirilib. Təlim zamanı iştirakçılar tərəfindən əldə edilən nəzəri biliklər günün ikinci yarısında onların birbaşa iştirakı ilə təsərrüfat sahəsində əyani olaraq nümayiş olunub. İştirakçılar əkin üçün buğda toxumunun hazırlanması, toxum yatağını hazırlamaq üçün müasir maşın və avadanlıqlardan istifadə, buğdanın səpini və s. barəsində biliklərini zənginləşdiriblər.

             Təlimdə Qəbələ Peşə Təhsil Mərkəzi, İsmayıllı Peşə Tədris Mərkəzi, Qax, Göyçay Peşə Liseyləri, Xaçmaz Peşə Məktəbinin müəllim və istehsalat təlimi ustaları, fərdi sahibkarlar (fermerlər) və Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndəsi iştirak edib.

             Pilot PTT mərkəzləri ULU Aqro MMC də daxil olmaqla 55-dən artıq müəssisə ilə əməkdaşlıq əlaqəsi qurmuş, 40-a qədər müəssisə ilə aktiv şəkildə birgə fəaliyyət həyata keçirməkdədir.

             2019-cu il ərzində kənd təsərrüfatına dair aşağıdakı mövzularda təlimlər keçirilmişdir:

  • 4-7 mart tarixlərində "Kombayların istismarı və təmiri";
  • 29 aprel - 3 may tarixlərində "Traktorların istismarı və təmiri";
  • 1-5 iyun tarixlərində "Kotanların nizamlanması və istifadəsi";
  • 30 sentyabr – 4 oktyabr tarixlərində "Kartof əkininin xüsusi istehsal texnikası".

             ED VET layihəsi Avropa İttifaqı və Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) tərəfindən maliyyələşir və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən icra olunur. Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında yerləşən 3 pilot peşə məktəbində Almaniyanın duala bənzər PTT yanaşmasının tətbiqi ilə kənd təsərrüfatı və turizm sahələrində peşə təhsili və təliminin cəlbediciliyini artırmaq və əmək bazarına uyğunluğunu təmin etməkdir.

 

 

1 / 14