Peşə Təhsili üzrə Dövlət Agentliyi

Kənd təsərrüfatı sahəsi üzrə praktiki təlimlər davam edir

04.10.2019

            Peşə məktəblərinin müəllim və mühəndis-pedaqoji heyətinin, eləcə də şirkət daxili təlimçilərin səriştələrinin artırılması, müasir texnika ilə tanışlıq məqsədilə silsilə təlimlər davam edir.

            Bu istiqamətdə növbəti təlim 30 sentyabr - 4 oktyabr tarixlərində "Kartof əkininin xüsusi istehsal texnikası" mövzusunda xarici ekspert tərəfindən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində keçirilib. Nəzəri və praktiki hissədən ibarət olan təlimin 1-ci günü Peşə Təhsil Mərkəzində, 2-ci və 3-cü günləri isə “Buta Agro” MMC-nin İsmayıllı rayonunda yerləşən kartof sahələri və zavodunda, Gilan “Agrotexservis” MMC-in Qəbələ rayonunda becərdiyi kartof sahələrində, eləcə de “Gilan Vegetables” MMC-nin kartof anbarı və çips zavodunda baş tutub. Tədbirin son 2 günü iştirakçılar təlim zamanı öyrəndiklərinə əsaslanaraq təqdimat (simulyasiya təlimi) hazırlayıblar. Təqdimatlar təlimçi tərəfindən yüksək qiymətləndirilib. Təlimin bu formada təşkili və qiymətləndirilməsi mühəndis-pedaqoji heyətə və şirkət daxili təlimçilərə öyrəndiklərini praktik olaraq tətbiq etməyə və təlim nəticələrinin davamlılığına nail olmağa imkan yaradır.

            ED VET layihəsi çərçivəsində Aqroservis ixtisasına uyğun olaraq aşağıdakı mövzularda təlimlər keçirilib:

  • 4-7 mart tarixlərində "Kombaynların istismarı və təmiri";
  • 29 aprel - 3 may tarixlərində "Traktorların istismarı və təmiri";
  • 1-5 iyun tarixlərində "Kotanların nizamlanması və istifadəsi".

            Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi (PTT) pilotlarının yaradılması (ED VET) layihəsi Avropa İttifaqı (Aİ) və Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) tərəfindən maliyyələşir və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən icra olunur. Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında yerləşən 3 pilot peşə məktəbində Almaniyanın duala bənzər PTT yanaşmasının tətbiqi ilə kənd təsərrüfatı və turizm sahələrində peşə təhsili və təliminin cəlbediciliyini artırmaq və əmək bazarına uyğunluğunu təmin etməkdir.

1 / 14