Peşə Təhsili üzrə Dövlət Agentliyi

Pilot olaraq tətbiq edilən duala bənzər peşə təhsili və təlimi yanaşması barədə valideynlərə məlumat verilib

26.09.2019

                 24-25 sentyabr tarixlərində müvafiq olaraq Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində və İsmayıllı Peşə Tədris Mərkəzində “üzüm və şərab ustası”, “mehmanxana inzibatçısı”, “iaşə xidmətləri üzrə mütəxəssis”, “turizm təşkilatçısı”, “aqroservis mütəxəssisi” ixtisaslarına yeni qəbul olmuş tələbələr və onların valideynləri ilə görüş keçirilib. Görüşdə valideynlərə layihə çərçivəsində tətbiq edilən duala bənzər peşə təhsili və təlimi (PTT) yanaşması barədə, istehsalat təcrübəsinin təqvimi, təcrübənin təşkili prosesi və müddəti barədə məlumat verilib, duala bənzər PTT yanaşmasının ənənəvi yanaşma ilə müqayisədə üstünlükləri diqqətə çatdırılıb. Həmçinin, övladlarının – hazırki tələbələrin istehsalat təcrübəsində aktiv iştirakını dəstəkləmələri və təşviq etmələri üçün valideynlərə müraciət edilib. Tədbirin sonunda valideynləri təcrübə prosesi ilə əyani tanış etmək məqsədilə “Aspi Agro” MMC, “İsmayıllı Şərab-2” MMC, “Aqroservis” MMC, “Qafqaz Tufandağ” və “Qafqaz Resort” otellərinə tanışlıq səfərləri təşkil olunub.

                  Duala bənzər PTT-də təcrübə vaxtı və müddəti ənənəvi təhsildən fərqli olaraq özəl sektorun iştirakı ilə hazırlanmış “Duala bənzər PTT Konsepti”nə əsasən icra olunur. Konseptə əsasən tələbələrin qəbul prosesində işəgötürənlərin iştirakının təmin olunması üçün təlimə başlamazdan öncə sentyabr ayının əvvəlində özəl sektor nümayəndələri ilə tələbələrin görüşü təşkil olunub. Həmçinin, qəbul olunmuş tələbələr tədris ilinin ilk günündən başlayaraq 7-10 gün ərzində müəssisələrdə istehsalat təcrübəsində iştirak etməsi nəzərdə tutulur. Tədrisin bu formada təşkilində məqsəd tələbələrin seçdikləri ixtisasın mahiyyətini daha dərindən anlamasına, ixtisasla bağlı vəzifə və öhdəlikləri bilməsinə və ixtisas seçimlərini dəqiqləşdirməsinə xidmət edir.

                  Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi (PTT) pilotlarının yaradılması (ED VET) layihəsi Avropa İttifaqı (Aİ) və Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) tərəfindən maliyyələşdirilir və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən icra olunur. Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında yerləşən 3 pilot peşə məktəbində Almaniyanın duala bənzər PTT yanaşmasının tətbiqi ilə kənd təsərrüfatı və turizm sahələrində peşə təhsili və təliminin cəlbediciliyini artırmaq və əmək bazarına uyğunluğunu təmin etməkdir.

1 / 14