Peşə təhsili üzrə “AzerGold” təqaüdünün qalibləri mükafatlandırılıb
Elm və təhsil nazirinin müavini İdris İsayev “WorldSkills Azerbaijan” komandası ilə görüşüb
Peşə təhsil müəssisələrinin müəllim-pedaqoji heyəti üçün Türkiyə Respublikasına təlim səfəri təşkil olunub
80-dən çox peşə təhsili alan tələbə duala bənzər proqrama cəlb edilib
Peşə Təhsili üzrə Dövlət Agentliyi Peşə təhsil müəssisələrində “Akademik məsləhətçi (tyutor)” vakansiyası elan edir.

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 18 ixtisas tədris edilir

20.02.2019

           Bakı, 19 fevral, AZƏRTAC 

           Peşə təhsili rəqabətqabiliyyətli iqtisadiyyatın və inkişaf etmiş cəmiyyətin təşəkkül tapmasında böyük əhəmiyyətə malikdir. Yerli və beynəlxalq qurumlar, ölkələrin iqtisadi inkişaf istiqamətlərini müəyyənləşdirən məsul şəxslər peşə təhsili sisteminin inkişafına xüsusi önəm verirlər.

           Son illər Azərbaycanda iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun davamlı inkişafı istiqamətində aparılan məqsədyönlü islahatlar ölkədə əlavə gəlir yaradan sektorların inkişafını təmin etməklə yanaşı, əmək bazarında rəqabətqabiliyyətli ixtisaslı kadr potensialına tələbatı artırmaqla, bu tələbatın ödənilməsinə imkan verən çevik və bazaryönümlü peşə təhsili sisteminin qurulmasını zəruri edib.

           Azərbaycanda ixtisaslı kadr hazırlanmasında Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi xüsusi rol oynayır. Mərkəz Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nazirlər Kabinetinin 2016-cı il 11 oktyabr tarixli Qərarına əsasən 2 və 5 nömrəli Bakı Peşə liseyləri və 1 nömrəli Bakı Peşə Məktəbi birləşdirilərək onların bazasında Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb.

           AZƏRTAC xəbər verir ki, Mərkəzdə hazırda 18 ixtisas üzrə 780-dan çox tələbə təhsil alır.

           Bir çox layihələrdə iştirak edərək uğur qazanan Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 2016-cı ildən etibarən Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi və “British Council” təşkilatı ilə birlikdə kadrların təkmilləşdirilməsi, iş yerində təcrübə proqramı həyata keçirir. Proqram aşpaz, oteldə konsyerj, mehmanxanada təsərrüfat işlərinə nəzarətçi ixtisasları üzrə uğurla icra olunur və layihə çərçivəsində təhsil müəssisəsi 14 otellə əməkdaşlıq edir. Nəticədə tələbələrin 60 faizi işlə təmin olunub.

           2018-2019-cu tədris ilində Azərbaycanda peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi layihəsi çərçivəsində dərzi peşəsi üzrə 2 illik ixtisas üzrə yeni pilot layihə həyata keçirilir.

           Xatırladaq ki, fevralın 8-də Londonda “Westminster Kinqsway” kolleci ilə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında “Turizm sektoru üzrə kadrların hazırlanması, təcrübə mübadiləsi və beynəlxalq əməkdaşlığın davam etdirilməsi” məqsədilə niyyət protokolu imzalanıb.

           Peşə Təhsil Mərkəzində oxuyanlar mütəmadi olaraq peşə yarışlarında, təhsil sərgilərində iştirak edir və uğur qazanırlar. Mərkəz işəgötürənlərlə sıx əməkdaşlıq edərək onların peşə təhsilinə inteqrasiyasını təşkil edir. İşəgötürənlərin nümayəndələri tərəfindən tələbələrə təlimlər, ustad dərsləri keçilir. Orta məktəb şagirdlərinin peşə maraqlarının öyrənilməsi məqsədilə texnologiya dərsləri Peşə Təhsil Mərkəzinin emalatxanalarında keçirilir. Mərkəzin uğurlu məzunları ilə görüşlər təşkil edilir, tələbələrə məzunların uğur hekayələri təqdim olunur.

           Tələbələrin biznes bacarıqlarını inkişaf etdirmək, sahibkarlıq ideyalarının həyata keçirməsi məqsədilə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Karyera Mərkəzinin yaradılması planlaşdırılır.

           “AZƏRTAC” İnformasiya Agentliyi

1 / 14