Peşə Təhsili üzrə Dövlət Agentliyi

İxtisaslı mütəxəssislərin təlim proqramı uğurla davam edir

04.02.2019

                   Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında fəaliyyət göstərəcək Peşə Təhsil Mərkəzində tədris prosesinə cəlb olunan ixtisaslı mütəxəssislər Cənubi Koreya Respublikasında təlimlərdə iştirak edirlər.

                   Təlim proqramının nəzəri hissəsində iştirakçılar üçün Çunqnam Dövlət Universitetində Koreyalı professorlar tərəfindən peşə təhsilinin Koreya iqtisadiyyatında rolu, innovativ təlim metodları, kurikulum və təlim materiallarının hazırlanması, kompetensiyalar üzrə milli standartlar mövzularında mühazirələr keçirilib.

                   Təlim proqramının praktiki hissəsində isə təlimçilərin Koreyada fəaliyyət göstərən  sənaye və təhsil müəssisələrinə sahə səfərləri təşkil olunub. Müəssisələrə səfər zamanı təlim iştirakçıları müvafiq ixtisaslar üzrə ən son texnoloji cihaz və avadanlıqların iş prinsipi ilə tanış olublar.

                   Hazırda təlim proqramı uğurla davam edir. Belə ki, 8 ixtisas üzrə qruplarda mütəxəssislərə mexanika, elektronika, elektrik mühəndisliyi, sənayedə quraşdırma işləri, tikinti, informasiya kommunikasiya texnologiyaları, avtomobil və avtomatlaşdırma istiqamətləri üzrə praktiki məşgələlər keçirilir.  

                   Qeyd edək ki, təlim proqramı Azərbaycan və Koreya Hökuməti arasında razılaşmaya uyğun olaraq, Koreya İnsan Resursları İnkişafı Xidmətinin (HRD Korea) dəstəyi ilə təşkil olunub. Təlim proqramı fevral ayının 20-dək davam edəcək.

1 / 14