Peşə Təhsili üzrə Dövlət Agentliyi

Qurultay çərçivəsində peşəyönümü işinə həsr olunmuş panel iclası keçirilib

28.11.2018

          Noyabrın 28-də Bakı Konqres Mərkəzində keçirilən Azərbaycan müəllimlərinin XV qurultayı çərçivəsində “Peşəyönümü işinin təşkili və peşə təhsilinin təbliği” mövzusunda panel müzakirəsi aparılıb.

          Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Zamin Bədirxanovun moderatorluğu ilə keçirilən iclasda son illər ölkədə peşə təhsili sisteminin inkişafı, imicinin yaxşılaşdırılması istiqamətində görülən işlər, həyata keçirilən layihələr və əldə olunan nəticələrdən bəhs edilib, “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” və digər normativ hüquqi sənədlərdə peşə təhsilinin təbliği ilə bağlı nəzərdə tutulan məsələlər diqqətə çatdırılıb.

          Panel müzakirədə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov peşəyönümü və təbliğat işində işəgötürənlərin iştirakı, 5 nömrəli Bakı Peşə Liseyinin (Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Tədris Mərkəzi) direktor müavini Kifayət Bayramova peşə təhsili müəssisələrində peşəyönümü və təbliğat işinin təşkili, Bakı şəhəri 72 saylı məktəb-liseyin direktor müavini Günel Bəhramova ümumtəhsil məktəblərində peşəyönümü istiqamətində valideyn və şagirdlərlə aparılan işlərdən söz açıblar.

          Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və panel iclası müzakirələrlə davam edib.

1 / 14