Peşə Təhsili üzrə Dövlət Agentliyi

Təhsil naziri Ceyhun Bayramovun 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təbriki

05.10.2018

              Əziz müəllimlər!

              Əsrlər boyu xalqımızın şərəfli missiya daşıyıcıları olan müəllimlər tərəqqiyə, inkişafa, milli rifaha zəmin yaradıb, gələcəyin yolunu müəyyən ediblər. Müəllim sözü həmişə kamillik, ləyaqət, bütövlük simvolu kimi mənəvi keyfiyyətləri ifadə edib və bu dəyərlərin işığında yetişən nəsillər hər zaman öz layiqli müəllimlərinə bənzəməyə çalışıblar.

              Bu il YUNESKO Beynəlxalq Müəllim Gününü “Təhsil hüququnun təminatı hazırlıqlı müəllim tələb edir” şüarı altında keçirir. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən 24 oktyabr 2013-cü il tarixində təsdiq edilmiş və bu il 5-ci il dönümünü qeyd etdiyimiz “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” müəllim amilinə, müəllim hazırlığının təkmilləşdirilməsinə və müəllim peşəsinin ictimai nüfuzunun artırılmasına xüsusi önəm vermişdir. Bu gün Azərbaycan müəllimi ona verilən dəyəri hiss edərək öz peşəsinin əsl sahibi olmağa can atır. Bunun sayəsində son illər ölkəmizdə daha hazırlıqlı, daha istedadlı şəxslərin müəllim peşəsinə gəlməsi bizi bu hədəfimizi genişləndirməyə, gələcəyin memarı olan müəllimin inkişafına diqqəti daha da artırmağa səfərbər edir.

              Əziz müəllimlər, hər birinizi bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayıram.

              Peşə bayramınız mübarək!

1 / 14