Peşə Təhsili üzrə Dövlət Agentliyi

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və “British Council” təşkilatının əməkdaşlığı çərçivəsində hazırlanmış kadrlara sertifikatlar təqdim olunub

12.06.2018

        İyunun 12-də Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, “British Council” təşkilatı və turizm sektorunda fəaliyyət göstərən işəgötürənlərlə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Turizm xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş yerində təcrübə proqramı” layihəsi üzrə təhsil alan Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin 2017/2018-ci tədris ili üzrə məzunlarına sertifikatların təqdim olunma mərasimi keçirilib.

           Tədbirdə “British Council” təşkilatının ölkə üzrə direktoru Elizabet Vayt, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzə Dövlət Agentliyinin şöbə müdiri Zamin Bədirxanov və “JW Marriot Absheron Baku” otelinin İnsan resursları departamentinin direktoru Sevinc Purvis çıxış edərək məzunları təbrik edib, birgə əməkdaşlıq çərçivəsində icra olunan layihənin uğurla başa çatdığını qeyd ediblər. Bildirilib ki, həyata keçirilən bu layihə yeni bacarıqlara malik gənclərin, uğurlu kadrların işlə təminatına xidmət edir.

           Sonra təcrübə proqramını uğurla başa vuran Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Liseyinin məzunlarına sertifikatlar təqdim edilib.

        Dövlət-biznes əməkdaşlığının və iş yerində öyrənmə modelinin bariz nümunəsi olan layihənin məqsədi turizm xidmət sektoru üzrə əmək bazarının ehtiyaclarına uyğun və praktikaya əsaslanan dayanıqlı proqramlar yaradaraq məzunları işlə təmin etmək olub.

           Gələcəkdə layihənin əhatə dairəsinin genişləndirilməsi və müvafiq sahələr üzrə peşə təhsili müəssisələrinin bu layihəyə cəlb olunması nəzərdə tutulur.