Peşə Təhsili üzrə Dövlət Agentliyi

Peşə təhsili müəssisələrində çalışan mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi keçiriləcək

11.06.2018

         İyun ayında ölkədə fəaliyyət göstərən peşə təhsili müəssisələri üzrə mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsinin keçirilməsi nəzərdə tutulur.

      Diaqnostik qiymətləndirməyə regionlarda fəaliyyət göstərən 30-a yaxın peşə təhsili müəssisəsinin ixtisas fənn müəllimləri və istehsalat təlimi ustaları ilə yanaşı, müxtəlif səbəblərə görə əvvəlki qiymətləndirmələrdə iştirak edə bilməyənlər də cəlb olunacaq.

         Diaqnostik qiymətləndirmənin keçirilməsində məqsəd “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən peşə təhsili müəssisələri üzrə kadr hazırlığı prosesinin müasirləşdirilməsi üçün mühəndis-pedaqoji heyətin bilik və bacarıqlarının yoxlanılması, nəticələrdən asılı olaraq onların ixtisasartırma və yenidənhazırlanma təlimləri vasitəsilə əmək bazarının tələblərinə uyğunlaşdırılmasıdır.

        Qeyd edək ki, dövlət başçısının 17 yanvar 2018-ci il tarixli  “Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin dərs yükünün və əməkhaqlarının, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin isə əməkhaqlarının artırılması haqqında” sərəncamına uyğun olaraq, diaqnostik qiymətləndirilmədən keçən mühəndis-pedoqoji heyətin dərs yükünün və əməkhaqlarının artırılması nəzərdə tutulur.

        2017/2018-ci tədris ili ərzində peşə təhsili müəssisələri üzrə mərhələlərlə keçirilən diaqnostik qiymətləndirilmə prosesində təhsil və təlim fəaliyyəti ilə məşğul olan 1350 işçinin iştirakı təmin edilib və rasionallaşdırılmış peşə təhsili  müəssisələri üzrə diaqnostik qiymətləndirmə tam başa çatıb.