Peşə Təhsili üzrə Dövlət Agentliyi

Koreya İnsan Resursları İnkişafı Xidmətinin nümayəndələri tərəfindən hazırlanmış kurikulumların təqdimatına dair görüş keçirilib

07.05.2018

         Mayın 7-də Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində Təhsil İnstitutunun və Koreya İnsan Resursları İnkişafı Xidmətinin nümayəndələri ilə növbəti görüş keçirilib.

            Görüşün əsas məqsədi Azərbaycan və Koreya hökumətləri arasındakı razılaşmaya uyğun olaraq, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılacaq “Peşə Təhsil Mərkəzi” layihəsi çərçivəsində tədris olunacaq 8 ixtisas (Elektronika, Elektrik, Avtomatlaşdırma, Avtomobil, Tikinti, Sənaye və quraşdırma, İKT, Mexanika) üzrə hazırlanmış təhsil proqramlarının (kurikulumların) və tədris vəsaitlərinin təqdimatı və müzakirələrin aparılması olub. 

         Koreyalı ekspertlər təhsil proqramları (kurikulumların) və tədris vəsaitləri barədə geniş məlumat verərək, səriştə əsaslı kurikulumların əsas xüsusiyyətinin 80% təcrübəyə əsaslanaraq tərtib edildiyini bildiriblər.

           Görüşdə, həmçinin layihə çərçivəsində təhsil proqramlarından istifadə edəcək ixtisaslı kadrların cəlb edilməsi, təlimləndirilməsi və hazırlığı məsələlərinə dair fikir mübadiləsi aparılıb. 

           Təqdim olunan kurikulumlar və tədris modulları Peşə Təhsili Dövlət Agentliyinin nümayəndələri tərəfindən müsbət dəyərləndirilib, onların tətbiqinin peşə təhsilinin, eləcə də təhsilalanların bilik və bacarıqların inkişaf etdirilməsi istiqamətində xüsusi önəm kəsb edəcəyi vurğulanıb.