Peşə Təhsili üzrə Dövlət Agentliyi

Əməkdaşlıq Memorandumu imzalanıb

21.12.2017

 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Turizm və Menecment Universiteti və Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında   Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 6 dekabr  tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planının  4.1. “Turizm sahəsində təhsil proqramlarına investisiya qoyuluşu” və “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planının  4.2. “Sektorlar üzrə tələblərin qarşılanmasına dəstək verilməsi” prioritetlərinin müvafiq tədbirlərinin icrasını təmin etmək məqsədilə 20 dekabr 2017-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Turizm və Menecment Universiteti və Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında  Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Əməkdaşlıq Memorandumu çərçivəsində ilk peşə-ixtisas təhsili səviyyəsində turizm-xidmət  istiqaməti üzrə ixtisaslı kadrların hazırlanmasının, habelə müvafiq sahələrdə onların bilik və bacarıqlarının artırılmasının, tədris proqramlarının və təlimin keyfiyyətinin yüksəldilməsinin təmin edilməsi, eləcə də əmək bazarının dəyişən tələblərinə cavab verən yeni ixtisasların açılması məqsədilə Turizm və Menecment Universitetinin pedaqoji heyətinin turizm-rekreasiya zonalarında yerləşən ilk peşə-ixtisas təhsili müəssisələrinə cəlb olunması nəzərdə tutulur.

  Əməkdaşlıq çərçivəsində turizm sahəsi üzrə ilk peşə-ixtisas təhsili səviyyəsində tədris planlarının özəl sektorla əlaqələndirilməsi, tədrisin maddi-texniki, o cümlədən metodiki bazasının gücləndirilməsi, təhsilverənlərin bilik və bacarıqlarının artırılması, təhsilalanların işəgötürənlərə məxsus müəssisələrdə istehsalat təcrübəsinə cəlb edilməsi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə birgə tədbirlər planı işlənib hazırlanacaqdır.