Peşə təhsili müəssisələrinin məzunlarına növbəti təhsil pilləsinə keçid zamanı üstünlük verilməsi təklif olunur.

15.11.2017

“Azərbaycanda son illər peşə təhsili sanki təhsil sektorundan kənarlaşmışdır, unudulmuşdur. Artıq ölkə başçısının apardığı islahatlarla bu sahə yenidən inkişaf etməyə başlayır, biz də bunu qanunvericilikdə təsbit edirik”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bu gün keçirilən iclasında "Peşə təhsili haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
 

O qeyd edib ki, ölkədə peşə təhsili sahəsində vəziyyətin monitorinqini keçiriblər: “Monitorinqlər bizə reallığı düzgün qiymətləndirməyə kömək etdi. Vəziyyət bundan ibarətdir ki, bu sahə sürətlə yenilənməlidir, yeni dövrün standartlarına uyğunlaşdırılmalıdır. Qanun layihəsini hazırlayarkən xarici ölkələrin bu sahə üzrə təcrübəsi nəzərə alınıb”.

 

Komitə sədri qanun layihəsi zərində 1 ildən çox iş aparıldığını bildirib. İ. Həbibbəyli qeyd edib ki, layihə 5 fəsil, 26 maddədən ibarətdir: “Biz ilk dəfə peşə təhsili sisteminin təhsil sistemindəki yerini müəyyənləşdirmişik. Biz peşə təhsili ilə orta ixtisas təhsilinin inteqrasiyasını əsas götürürük. Peşə məktəbi sadəcə usta, kiçik mühəndis hazırlamır, həm də vətəndaş hazırlayır. Onun hazırladığı mütəxəssisin texniki, iqtisadi biliklərinin olması vacibdir. Bununla belə, onun milli dəyərlərimizə sahib çıxması, dövlətçilik ənənələrini gözləməsi də vacibdir. Eyni zamanda layihədə peşə təhsili müəssisələrinə lisenziyaların birdəfəlik, müddətsiz verilməsini məqsədəuyğun hesab etmişik”.

 

Deputat qeyd edib ki, peşə təhsili müəssisələrinə dövlət dəstəyinin göstərilməsi məqsədəuyğun sayılıb: “Layihədə bir çox yeniliklər var. Layihəyə əsasən, peşə təhsili müəssisələrinin məzunlarına növbəti təhsil pilləsinə keçid zamanı üstünlük verilir, dövlət təhsil müəssisələrində təhsil alanlar xüsusi iş geyim formaları ilə təmin edilir”.